Viza üçün müraciət qaydaları

Elektron viza (ASAN viza)

Standard e-visa 3 iş günü ərzində rəsmiləşdirilir, etibarlılıq müddəti 30 gündür, rüsumu 20$-dır.


Təcili viza iş yaxud qeyri-iş günü olmasından asılı olmayaraq 3 saat ərzində əldə edilə bilər.


Elektron viza ilə bağlı bütün məlumatlar evisa.gov.az portalından əldə edilə bilər.


Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində “ASAN Viza” sistemi yaradılacaqdır.


Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 2677 saylı, 20 fevral 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran islam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanı yaradılacaqdır. Sözügedən Sərəncamın tətbiqi barədə əlavə məlumat yerləşdiriləcəkdir.

 

Səfirlikdə viza üçün müraciət qaydaları

Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyinin konsulluq xidməti, Səfirliyin 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 ünvanında yerləşən binasında yerləşir. Səfirliyin başqa bir məntəqədə nümayəndəliyi yaxud səlahiyyət verdiyi başqa qurum yoxdur. Konsulluq sənədləri ancaq Səfirliyin qəbul edilir.

Şəxslər səlahiyyətli nümayəndələri vasitəsilə Səfirliyə müraciət edə bilərlər. Bu halda nümayəndə notariat qaydasında təsdiq edilmiş sənəd (authorisation letter) və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidir.

Sənədlər poçt yaxud kuryer şirkəti vasitəsilə qəbul edilmir.

Viza müraciətində şəxsin Azərbaycanda qalma müddəti və vizanın girişlərinin sayı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvət məktubunda göstəriləndən çox ola bilməz, az göstərilməsi isə mümkündür.

Konsulluq xidmətinin iş saatları:

Bazar Ertəsi, Çərşənbə, Cümə günləri

Səhər 9.30-dan 12.30-adək, (sənədlərin təqdim edilməsi)        

Günortadan sonra 4.00-dan 5.30-adək (sənədlərin alınması)

Viza müraciətləri 5 – 15 iş günü ərzində cavablandırılır.

 

Rəsmi viza.

 

Rəsmi səfər vizası

-xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə,

-Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə

-Azərbaycan Respublikasında keçirilən rəsmi tədbirlərdə və görüşlərdə iştirak edəcək əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

 

Rəsmi səfər məqsədilə vizalar üçün aşağıdakı sənədlər tələb olunur:

 

-əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilat tərəfindən dəvət edildikdə rəsmi nota;

-Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən dəvət edildikdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən alınmış dəvət məktubu, habelə həmin qurumun dəvət edilən şəxs və onun qüvvədə olan passportu, həmçinin vizanın qalma müddəti, kateqoriyası (rəsmi), növü (giriş), məqsədi (rəsmi, təhsil, idman və s.), girişlərin sayı (birdəfəlik yaxud çoxdəfəlik) barədə məktubu;

-Ərizə-anket (eapplication.mfa.gov.az ünvanında elektron qaydada doldurulur, çap olunmuş formada səfirliyə təqdim edilir);

-pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri (pasportun və ya sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);

-biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm, ağ fonda).

Qeyd: rəsmi vizalar diplomatik və xidməti pasportlar üçün rüsumsuz rəsmiləşdirilir.

Adi viza.

 

Adi vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

 

-Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən (XİN Kİ) alınmış dəvət məktubu;

-Ərizə-anket (eapplication.mfa.gov.az ünvanında elektron qaydada doldurulur, çap olunmuş formada səfirliyə təqdim edilir)

-pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri (pasportun və ya sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);

-biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm, ağ fonda);

-İnsan İmmunçatışmazlığı (HİV) virusuna yoluxmadığı barədə tibbi arayış;

- nəqliyyat biletlərinin surəti;

-tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürdükdə bu barədə səfirliyə ünvanlanan məktub təqdim olunur);

-viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

-dəvət edən şəxs tərəfindən XİN Konsulluq İdarəsinə təqdim edilmiş vəsatətin surəti;

-qeyri-dövlət təşkilatları tərəfindən dəvət edildikdə dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

-dəvətin səbəbini təsdiqləyən sənəd (dəvət edilən şəxs və onun qüvvədə olan passportu, həmçinin vizanın qalma müddəti, kateqoriyası (adi), növü (giriş yaxud tranzit), məqsədi (işgüzar, əmək və s.), girişlərin sayı (birdəfəlik yaxud çoxdəfəlik) barədə məlumatlar);

-fiziki şəxslər tərəfindən dəvət edildikdə şəxsiyyət vəsiqəsinin surəti;

-18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;

-təhsil vizası üçün müraciət etdikdə təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında sənəd (təhsil şəxsin vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdiriləcəksə bu barədə sənəd);

-müalicə vizaları üçün Azərbaycan Respublikasında müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış təqdim edilir.

Şəxsi səfər vizasının rəsmiləşdirilməsi üçün əlavə olaraq aşağıdakı sənədlər tələb olunur:

-dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti,

-səfərlə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd,

-dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd.

Şəxsin müraciəti nümayəndə tərəfindən edildikdə notariat qaydasında təsdiq olunmuş etibarnamə və etibar edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti təqdim olunur.

Tranzit vizası.

Tranzit vizası üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir. Aşağıdakı sənədlər təqdim olunmalıdır:

-Ərizə-anket (eapplication.mfa.gov.az ünvanında elektron qaydada doldurulur, çap olunmuş formada səfirliyə təqdim edilir)

-pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri (pasportun və ya sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);

-biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm, ağ fonda);

-tibbi sığorta şəhadətnaməsinin surəti;

-təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) surəti;

-müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə)

-viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

-səfəri təsdiq edən sənəd (şəxs və onun qüvvədə olan passportu, həmçinin vizanın müddəti, kateqoriyası (adi), növü və məqsədi (tranzit), girişlərin sayı (birdəfəlik yaxud ikidəfəlik) barədə məlumatlar).

 

Dövlət rüsumu

Səfirlikdə birdəfəlik giriş vizaları üçün $20, çoxdəfəlik giriş vizaları üçün $350, transit vizalar üçün $20 rüsum ödənməlidir. Azərbaycanın tərəf olduğu beynəlxalq razılaşmalara əsasən aşağıdakı ölkələrin vətəndaşları üçün ayrı rüsum dərəcələri müəyyən edilmişdir:

Avropa İttifaqı vətəndaşlarına (Danimarka Krallığı və İrlandiya vətəndaşları istisna olunmaqla) 

€ 35 avro

Norveç Krallığı, Lixtenşteyn Knyazlığı və İsveçrə Konfederasiyası vətəndaşlarına 

€ 35 avro

Türkiyə Respublikası vətəndaşlarına

rüsumsuz 

Yaponiya vətəndaşlarına

rüsumsuz

Pakistan İslam Respublikası vətəndaşlarına

ölkədə qalma müddəti 15 günədək olan vizalar rüsumsuz

Səfirliyin bank hesabı: Kotak Mahindra Bank, Vasant Vihar, New Delhi - 110057 Alan: Azərbaycan Səfirliyi,  hesab nömrəsi: 6111521304

Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!

Viza almaq üçün ərizə-anket forması

Bir sıra xarici dövlətlərin vətəndaşları üçün

sadələşdirilmiş viza rejimi ilə bağlı məlumat

 

Qətər, Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya, Türkiyə, İsrail və Sinqapur vətəndaşları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza (visa on arrival) üçün müraciət edə bilərlər.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına giriş vizalarının rəsmiləşdirilməsi qaydalarında dəyişikliklər

 Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2010-cu il tarixli 326 nömrəli Fərmanına əsasən aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına gəldikdən sonra Azərbaycan Respublikasının beynəlxalq hava limanlarındakı viza bölmələrindən giriş vizaları ala bilərlər:

1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;

2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;

4. xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;

5. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;

6. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar, ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasına gəldikdə;

7. ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.

Xəbərdarlıq

 Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfər etmək istəyən bütün xarici ölkələrin vətəndaşlarına xatırladır ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən davam edən işğal səbəbi ilə sözügedən ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti xaricindədir.

Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yuxarıda qeyd edilmiş ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir.

Bununla əlaqədar olaraq, Nazirlik bütün xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırır.

Nazirlik xatırladır ki, Azərbaycan Respublikasının icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqdır.