APOSTİL VƏ KONSUL LEQALLAŞDIRMASI

Bir ölkədə rəsmiləşdirilən sənəd apostil yaxud konsul leqallaşdırmasından sonra digər ölkədə qüvvəyə malik olur.

Apostil

  1. Apostil müqaviləsi

“Xarici Rəsmi Sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına üzv ölkələrin səlahiyyətli orqanları sənədlərə Apostil vurmaqla onları Konvensiyanın iştirakçısı olan bütün dövlətlər üçün leqallaşdırırlar.

2005-ci ildə Konvensiyaya üzv olan Azərbaycan və Hindistan Apostili tətbiq edirlər. Səfirliyin akkreditə olunduğu Banqladeş, Butan, Maldiv, Nepal və Şri Lankada apostil qəbul olunmur. Bu ölkələrdə və Azərbaycanda istifadə olunan sənədlər leqallaşdırılmalıdır.

  1. Azərbaycanda Apostil

Azərbaycanda:

-məhkəmələr, prokurorluq və ədliyyə orqanları tərəfindən verilən,

-notariat qaydasında təsdiq olunan,

-vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair

sənədlərə Ədliyyə Nazirliyi yaxud "ASAN xidmət" mərkəzləri tərəfindən, digər sənəndlərə Xarici İşlər Nazirliyi tərəfindən apostil vurulur .

Səfirlikdə sənədlərə apostil vurulmur.

Azərbaycanda verilən sənədlərin leqallaşdırması

1. Azərbaycanda təsdiq üçün:

  • sənədin surəti təqdim edildikdə notariat tərəfindən təsdiq olunur,
  • sənədin tərcüməsi təqdim edildikdə tərcüməçinin imzasının həqiqiliyi notariat tərəfindən təsdiq edilir,
  • notariusun imzasının və möhürün həqiqiliyi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir və Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə təqdim edilir.

Sənədin növbəti təsdiq üçün iki yol vardır:

-        müvafiq ölkənin Azərbaycandakı səfirliyində yaxud konsulluğunda təsdiq,

-        Azərbaycanın həmin ölkədəki səfirliyində yaxud konsulluğunda təsdiq.

Hər iki halda sənəd müvafiq ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilir, bundan sonra leqallaşdırılmış hesab olunur.

Diqqət!

Aşağıdakı sənədlərin əsilləri və surətləri Azərbaycanın dövlət orqanları tərəfindən leqallaşdırılmır:

-Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi,

-partiya mənsubiyyətinə aid sənədlər,

-həmkarlar itifaqlarının biletləri,

-əmək kitabçaları,

-hərbi biletlər,

-xasiyyətnamələr,

-məhkum olunma barədə sənədlər,

-Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan sənədlər,

-məzmununa görə Azərbaycan Respublikasının mənafeyinə yaxud vətəndaşlarının şərəf və ləyaqətinə xələl gətirən sənədlər.

2. Azərbaycanın Hindistandakı Səfirliyində sənədlərin leqallaşdırılması:

Səfirlikdə sənədlərin leqallaşdırılması üçün müraciət edənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd və surəti,

-səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq olunmuş etibarnamə,

-$50 dövlət rüsumunun ödənildiyi barədə qəbz.

Sənədlər sayından asılı olaraq 3-5 iş günü ərzində leqallaşdırılır.

Azərbaycan Respublikasında tərtib edilmiş, lakin XİN-nin Konsulluq İdarəsində leqallaşdırılmamış sənədlər həqiqiliyinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasına göndəriləcək, müsbət cavab alındığı təqdirdə leqallaşdırılacaqdır.

Səfirlikdə leqallaşdırılan sənəd:

  • Hindistanda istifadə olunduqda bu ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq, Pasport, Viza İdarəsi  tərəfindən,
  • üçüncü ölkələrdə istifadə edildikdə həmin ölkələrin Hindistandakı səfirlikləri, konsulluqları tərəfindən təsdiq edildikdən sonra həmin ölkənin XİN-i tərəfindən təsdiq edilir.

Bu qaydada Azərbaycanda verilmiş sənədlərin leqallaşdırılması başa çatır.

Xarici sənədlərin leqallaşdırılması

Hindistanda verilən sənədlər leqallaşdırılması yaxud apostil üçün ilk növbədə sənədin əldə edildiyi ştatdakı səlahiyyətli orqanlar tərəfindən təsdiq edilməlidir.

- şəxsi sənədlərin üçün müvafiq ştatların Baş İdarələri,

- təhsil sənədləri üçün Təhsil Departamentləri,

- ticarət sənədləri üçün Ticarət Palataları səlahiyyətlidir.

Sənədlər növbəti olaraq Xarici İşlər Nazirliyinin Konsulluq, Pasport və Viza İdarəsi (CPV Division) tərəfindən təsdiq edilməlidir.

CPV sənədləri ancaq səlahiyyətli agentlikləri vasitəsilə qəbul edir. Sənəd surəti və ərizəçinin pasportunun surəti ilə birlikdə təqdim edilir. Ətraflı məlumat buradan əldə oluna bilər (http://mea.gov.in/apostille.htm).

Hindistanda Apostil vurulan sənəd Azərbaycanda qüvvədədir, leqallaşdırılan sənəd Səfirlikdə təsdiq olunmalıdır.

Digər ölkələrdə verilən sənədlərin Səfirlikdə təsdiq edilməsi üçün həmin ölkələrin Xarici İşlər Nazirlikləri və Hindistandakı səfirlikləri tərəfindən təsdiq edilməlidir:

Banqladeş (http://mofa.gov.bd/service/power-attorney), Butan (https://www.citizenservices.gov.bt/judiciary-services), Maldiv (http://www.foreign.gov.mv/v2/en/consular-service/documents-attestation-service/), Nepal (https://www.mofa.gov.np/the-ministry/departments/), Şri Lanka (http://www.mfa.gov.lk/index.php/en/consular-services/authentication-of-documents-)

Diqqət! Leqallaşdırılmaq üçün verilmiş sənədlərdə tərtib edildiyi ölkənin qanunlarına uyğunluq yaxud imzalarda şübhə yaranarsa, aydınlaşdırılması üçün həmin ölkənin müvafiq orqanlarına müraciət ediləcəkdir. Belə olan hallarda leqallaşdırma üçün artıq müddət tələb olunur.

Azərbaycanın Hindistandakı səfirliyində leqallaşdırılmış sənəd növbəti təsdiq üçün Azərbaycan XİN-in Konsulluq İdarəsinə təqdim edilməlidir. Konsulluq İdarəsinin təsdiqindən sonra sənəd Azərbaycanda qüvvədə olur.