Qayıdış şəhadətnaməsi

Qayıdış Şəhadətnaməsi Azərbaycan pasportunu (ümumvətəndaş, xidməti, diplomatik pasport,  Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi) müvəqqəti əvəz edən birdəfəlik giriş-çıxış sənədidir.

Yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Olduğu ölkədən Azərbaycana qayıtmaq üçün digər ölkələrin ərazisindən tranzit keçmək hüququ verir.

Etibarlıq müddəti 1 aydır. 3 iş günü müddətində rəsmiləşdirilir.

Şəxs Şəhadətnaməni və vardırsa pasportunu Azərbaycana qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən dövlət orqanına təhvil verməlidir.

Şəhadətnamə aşağıdakı hallarda verilir:

-        Pasportun etibarlıq müddəti bitdikdə, yararsız hala düşdükdə yaxud səhifələri dolduqda;

-        Xarici ölkə ərazisində pasport itirildikdə yaxud oğurlandıqda;

-        Xarici ölkə ərazisində şəxsin 18 yaşı tamam olduqda;

-        Şəxs xarici ölkə ərazisində doğulduqda;

-        Azərbaycana deportasiya edilən şəxsin pasportu olmadıqda;

Şəhadətnamə üçün tələb olunan sənədlər:

-        18 yaşına çatmış şəxs tərəfindən Səfirliyə ünvanlanan və Şəhadətnamə üçün mürciətin səbəblərini bildirən ərizə (Səfirlikdə imzalanır);

-        şəxs 18 yaşına çatmadıqda valideynləri, qanuni nümayəndə, qəyyum və ya rəsmi təsdiq olunmuş etibarnamə əsasında hər hansı Azərbaycan vətəndaşı tərəfindən Səfirliyə ünvanlanan ərizə (valideynlərdən biri əcnəbi olduqda onun ərizəsi notariat qaydasında təsdiq edilir) və onların şəxsiyyətini müəyyən edən sənədlər;

-        doldurulmuş ərizə-anket (əlavə olunur);

-        pasport yararsız hala düşdükdə, səhifələri dolduqda və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun əsli;

-        pasport itirilən yaxud oğurlanarkən yerli polis orqanı tərəfindən bu brədə müraciətin edildiyi faktını təsdiq edən sənədin əsli;

-        2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə, ağ fonda);

-        üzərində fotoşəkil olan, ərizəçinin şəxsiyyətini və vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənəd;

-        dövlət rüsumunun ödənilməsi haqqında qəbz (40 ABŞ dolları Səfirliyin Kotak Mahindra Bank, Vasant Vihar, New Delhi - 110057 ünvanındakı 6111521304 nömrəli hesaba ödənilir);

-        şəxslə birgə gedən 18 yaşına çatmayan yaxud 18 yaşına xarici dövlətdə çatmış şəxsin doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;

-        şəxs xarici ölkədə doğulduqda doğum haqqında şəhadətnamə;

-        18 yaşına çatmamış şəxsin valideynlərdən biri əcnəbi olduqda, onun uşağının qayıdış şəhadətnaməsi alması və Azərbaycana səfərinə etiraz etməməsi barədə notariat qaydasında təsdiq olunmuş ərizəsi, pasportunun surəti;

-        xidməti yaxud diplomatik pasport itirildikdə yaxud qəsdən korlandıqda 30 Azərbaycan manatı məbləğində cərimənin ödənilməsi haqqında qəbz.

Aşağıdakı şəxslər qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun ödənlməsindən azad olunurlar:

-        xarici ölkələrdə dövlət xətti ilə təhsil alan yaxud pedaqoji fəaliyyət göstərən şəxslər;

-        xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan pasportsuz şəxslər;

-        xarici ölkələrdən deportasiya edilən şəxslər.

Diqqət! Şəxsiyyəti təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Səfirlik şəxs barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərəcəkdir. Bu halda əlavə vaxt tələb olunur.

Şəhadətnamə xarici ölkədə itdikdə, oğurlandıqda, yararsız hala düşdükdə (qəsdən korlandıqda) və etibarlılıq müddəti bitdikdə, dərhal Azərbaycan Respublikasının həmin ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verməli, istifadəyə yararsız Şəhadətnaməni müvafiq diplomatik nümayəndəlik və ya konsulluğa təhvil verməlidir.

Bu hallarda müvafiq diplomatik nümayəndəlik və ya konsulluq işi araşdıraraq həmin şəxsin adına eyni qaydalar əsasında yeni şəhadətnamə rəsmiləşdirə bilər.

Xəbərdarlıq: Şəxs özü, habelə onunla birgə qayıdan şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona Şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir.