VVAQ əməliyyatları

Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları öz səlahiyyətləri daxilində aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:

1) doğumun qeydə alınması;

2) nikahın bağlanmasının qeydə alınması;

3) nikahın pozulmasının qeydə alınması;

4) atalığın müəyyən edilməsinin qeydə alınması;

5) adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;

6) övladlığa götürmənin qeydə alınması;

7) ölümün qeydə alınması.

Eyni zamanda konsulluqlar öz səlahiyyətləri çərçivəsində aşağıdakı əməliyyatları apara bilərlər:

1) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir;

2) itmiş qeydləri bərpa edir;

3) akt kitablarını saxlayır;

4) vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verir;

5) Dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə, qanunvericiliklə müəyyən edilmiş hallarda sosial sığorta müavinətlərinin alınması üçün müvafiq arayış verir.

Xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, bir qayda olaraq, konsulluqların yerləşdiyi binada (otaqda) həyata keçirilir. Ehtiyac olduğu təqdirdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluqların yerləşdiyi binadan kənarda aparıla bilər və bu halda faktiki xərcləri maraqlı şəxslər tərəfindən ödəməlidir

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması ilə bağlı müraciət edən şəxslər tərəfindən bu əməliyyatın konsulluğun yerləşdiyi binadan kənarda aparılmasından imtina edildikdə əvvəlcədən (faktiki xərclər üçün) ödənilmiş haqq geri qaytarılmalıdır.