2016-04-27
Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliklərinin birgə Mətbuat Açıqlaması

25-27 aprel 2016-cı ildə Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında 7-ci Qlobal Forumu keçirildi.

BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumu keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inkluziv cəmiyyətlərdə birgə yaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi idi.

7-ci Bakı Qlobal Forumda dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndə iştirak etdi. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olundu. Tədbir geniş şəkildə 117 nəfər xarici və yerli media tərəfindən işıqlandırıldı.

İnkluziv cəmiyyətlərin qurulması və inkişaf etdirilməsində gənclərin xüsusi rolunu nəzərə alaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən aparılan beynəlxalq müsabiqə nəticəsində 6000 gənc arasından seçilmiş dünyanın müxtəlif ölkələrini təmsil edən 150 gəncin iştirakı ilə 25 aprel tarixində BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Tədbiri keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser, Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan və İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo çıxış etdi. BMT-nin Baş katibi Ban Ki Moon tədbir iştırakçılarına video müraciət edərək Forumun işinə uğurlar arzuladı və ev sahibi olaraq, Azərbaycana təşəkkürünü ifadə etdi.

Forumun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi: “BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir”.

Forumun gündəliyinə inkluziv cəmiyyətlərdə birgə yaşayışa maneə olan və cəmiyyətlərin əsasını sarsıdan aktual problemlər və məsələlər daxil idi. Forum öz işini zorakı ekstremizmin qarşısının alınması üçün platforma və tərəfdaşlıqlar, sosial inklusivlik baxımdan nümunəvi təcrübələr kimi əsas panellər və sülh və terrorizm, miqrasiya, gənclərin inklusiv cəmiyyətlərdə iştirakı, qlobal mədəniyyətlərarası dialoq və Bakı prosesi, zorakı ekstremizmin təbliğinə qarşı medianın maarifləndirilməsi, münaqişəli zonalarda qadınlar və sülh quruculuğu, dini liderlər və zorakı ekstremizm, vətəndaş cəmiyyəti və biznes, kiber ekstremizm və digər alt-sessiyalar üzrə davam etdirdi.