2018-04-26
Azərbaycan Respublikasının Hindistan Respublikasındakı səfirliyi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar təntənəli tədbir təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına əsasən Azərbaycanın Hindistandakı, eyni zamanda Banqladeş, Butan, Maldiv, Nepal və Şri Lankada akkreditə olunmuş səfirliyi 25 aprel 2018-ci ildə Yeni Dehli şəhərində təntənəli tədbir təşkil etmişdir.

Müvəqqəti işlər vəkili Ceyhun Əliyev tədbiri açaraq iştirakçılara Azərbaycan Xalq Cumhuriyyətinin tarixi, ərazisi, parlamentin qanunvericilik fəaliyyətləri, xarici siyasət və diplomatiyası barədə məlumatlandırmışdır.

Əliyev 28 may 1918- 27 aprel 1920-ci illərdə, cəmi 23 ay yaşayan Xalq Cumhuriyyətinin Qızıl Ordu tərəfindən işğal edildiyini, 71 il davam edən milli azadlıq mübarizəsinin Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə zəfərə nail olduğunu ifadə etmişdir.

Azərbaycanın 18 oktyabr 1991-ci ildə müstəqilliyini bərpa etdiyi, bu gün müstəqil dövlət kimi Azərbaycan Prezidenti İlham Əliyevin Rəhbərliyi ilə sürətlə inkişaf etdiyi və beynəlxalq ictimaiyyətin fəal üzvü olduğu tədbirdə iştirak edən Hindistan ictimaiyyətinə, səfirlərə, diplomat, jurnalist və mütəxəssislərə çatdırılmışdır.

Tədbirdə Hindistanın görkəmli dövlət xadimi, sabiq nazir Arif Məhəmməd Xan, Hindistanın YUNESKO İdarə Heyəti nümayəndələrindən professor C.S. Racput, Türkiyənin Hindistandakı səfiri Şakir Özkan Torunlar, Qazaxıstan səfiri Bulat Sarsenbayev, Hindistanın siyasi xadimlərindən Virender Kataria, ictimai-siyasi xadim və yazıçı Müzəffər Əhməd, beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis və Hindistan Baş nazirinin sabiq nümayəndəsi, eyni zamanda Xarici işlər nazirinin sabiq müşaviri K.V. Rancan Azərbaycanın tarixi, Ümummilli Liderimiz Heydər Əliyevin dünya tarixinə töhfələri, ölkəmizin müstəqillik yolu, azadlıq mübarizəsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi müasir nailiyyətləri, Azərbaycan-Hindistan əlaqələri barədə çıxış etmişlər.

 

növbəti xəbər əvvəlki xəbər