2018-04-30
Azərbaycan Respublikasının Hindistan Respublikasındakı səfirliyi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyini növbəti təntənəli tədbirlə, Hindistan gəncləri ilə qeyd etmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına əsasən Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə əlaqədar 27 aprel 2018-ci ildə paytaxt Dehlidə növbəti tədbir təşkil edilib.

Tədbirdə Hindistanın müxtəlif ştatlarından gənclik hərəkatlarının rəhbərləri, Azərbaycan barədə araşdırmalar aparan gənc təhqiqatçılar, jurnalistlər, aparıcı QHT nümayəndələri, gənc iş adamları və tələbələr iştirak ediblər.

Müvəqqəti işlər vəkili Ceyhun Əliyev tədbirdə müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, dövlət quruculuğu istiqamətindəki işindən, parlamentin qanunvericilik fəaliyyətindən, xarici siyasətindən danışıb, iki ölkənin müstəqillik mübarizəsindəki bənzərlikləri diqqətə çatdırıb.

Əliyev Xalq Cümhuriyyətinin ömrünün cəmi 23 ay sürdüyünü qeyd edərək bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, dünyəvi və multikultural dəyərlərə əsaslanaraq Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş və müasir güclü dövlətə çevrilmişdir.

Müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin və idarəçilik qabiliyyətinin müstəsna rol oynadığını vurğulayan Azərbaycan nümayəndəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf edərək bu gün regionda aparıcı iqtisadi qüvvə olmasını diqqətə çatdırıb.

Azərbaycanın iqtisadi imkanları, qonşu dövlətlər və dünya dövlətləri ilə əlaqələri, Qafqazda ümumi vəziyyət, o cümlədən Azərbaycanın Avrasiyada kəsb etdiyi beynəlxalq tranzit əhəmiyyəti izah edilmişdir.

Hindistanlı gənclər “Azərbaycan-Hindistan Gənclər Dialoqu 2018” və Azərbaycan-Hindistan əlaqələri barədə çıxışlar etmiş, onların ölkəmiz barədə sualları cavablandırılmış, iki ölkə gəncləri arasında əlaqələrin daha da inkişafı üçün gənclərin atacağı addımlar müzakirə edilmişdir.

növbəti xəbər əvvəlki xəbər