2018-05-25
28 May Respublika Günü Hindistanda qeyd edilmişdir

22 may 2018-ci ildə Azərbaycanın Hindistandakı Səfirliyi Respublika günü və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100-cü ildönümü münasibətilə Dehlidə rəsmi qəbul təşkil etmişdir.

Tədbirdə rəsmi qonaq qismində Hindistanın Xarici işlər üzrə dövlət naziri M.C. Əkbər, Hindistan rəsmiləri, parlament üzvləri, diplomatik korpus, işgüzar dairələrin  yüksək nümayəndələri, mədəniyyət, ictimai xadimlər və KİV nümayəndələri iştirak etmişdir.

Mərasimdə çıxış edən Azərbaycan Səfirliyinin nümayəndəsi qonaqları salamlamış, Azərbaycan Demokratik Respublikasının yaradılmasından danışaraq, onun müsəlman dünyasında ilk dünyəvi və demokratik ölkə olduğunu qeyd etmişdir. O, həmçinin, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu,  Ümummilli lider Heydər Əliyev məqsədyönlü siyasəti nəticəsində dövlətçilik əsaslarımızın möhkəmləndirildiyi,  Ulu öndərin siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionun aparıcı dövlətinə çevrildiyini qeyd etmiş və qədim tarixi köklərə malik Azərbaycan-Hindistan münasibətləri haqqında qonaqları məlumatlandırmışdır.

Tədbirdə Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlər haqda video çarxlar nümayiş etdirilmiş, Qara Qarayevin 100 illiyi ilə əlaqədar bəstəkarın əsərlərindən parçalar səsləndirilmişdir.

Mərasimin sonunda iştirakçılara Azərbaycan haqqında nəşrlər paylanmışdır.

 

əvvəlki xəbər