2018-04-30
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Formula 1 Qran-Prisinin açılış mərasimində

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Kompleksdə Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

Sonra pilotların paradı və himn mərasimi keçirildi.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət etdilər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul edilən yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət ediləcəklər.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin pianoda müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının qalibi Samirə Əfəndi ifa etdi.

növbəti xəbər əvvəlki xəbər