Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə paytaxt Nyu Dehlidə rəsmi qəbul təşkil edilmişdir
24 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə paytaxt Nyu Dehlidə yerləşən Tac Mahal otelində rəsmi qəbul təşkil edilmişdir. Qəbulda diplomatik korpusun rəhbərləri, işgüzar dairələr, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Hindistandakı səfiri Əşrəf Şıxəliyev tədbirə qatılmış qonaqları salamlayaraq cari ildə Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu söylədi. Səfir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncama uyğun olaraq cari ilin ölkəmizdə Şuşa ili kimi elan edildiyini qeyd etmiş və bu şəhərin Azərbaycan mədəniyyətində oynadığı vacib roldan danışmışdır. Səfir eyni zamanda, Şuşa şəhərinin 2023-cü ildə Türk ölkələrinin mədəni paytaxtı elan edildiyini və Şuşada bir çox mədəni tədbirlərin təşkil olunduğu barədə məlumat vermişdir.
Azərbaycan-Hindistan münasibətlərindən danışan səfir ölkələr arasında iqtisadi münasibətlərin inkişaf etdiyini, ölkəmizdə xeyli sayda Hindistan şirkətlərinin fəaliyyət göstərdiyini söyləmişdir. Pandemiyadan öncəki dövrdə hindistanlı turistlərin ölkəmizə səfərlərinin kəskin surətdə artdığı və bu yaxınlarda Bakı və Dehli arasında açılacaq birbaşa hava əlaqəsi nəticəsində qarşılıqlı səfərlərin daha da çoxalacağına ümidvar olduğunu qeyd etdi. Bundan əlavə, səfir Hindistan kino şirkətləri tərəfindən Azərbaycanda film çəkilişinə marağın artdığını məmnunluqla vurğulamışdır.
Bundan sonra Hindistanda klassik Hind rəqsi üzrə təhsil alan həmvətənimiz Türkan Sadıqzadə səhnəyə çıxaraq Azərbaycanın milli rəqslərini ifa etmişdir.
Tədbirdə Azərbaycan musiqilərinin sədaları altında ölkəmizin mədəniyyəti, tarixi, turizm məkanları və milli mətbəximizi əks etdirən filmlər nümayiş etdirilmişdir. Ziyafətlə davam etmiş qəbulda qonaqlara müxtəlif təamlar təqdim olunmuşdur.
Səfirlik tərəfindən Müstəqillik Günü münasibətilə təşkil olunmuş ziyafətdə Şuşa şəhərini təbliğ edən fotosərgi keçirilmişdir. Sərgidə Şuşa şəhərinə dair yüksək keyfiyyətdə hazırlanmış fotoşəkilli stendlər qonaqların hüzuruna təqdim edilmişdir. Bundan əlavə, tədbirə qatılmış qonaqlara Şuşa şəhərinin simvolu olan Xarıbülbül çiçəyi formasında hazırlanmış döş nişanları hədiyyə verilmişdir. Həmçinin, ziyafət zamanı Azərbaycanın tarixi və mədəniyyətinə, işğaldan azad olunmuş ərazilərə dair kitab və jurnallar sərgilənmişdir.