2024-06-10

Azərbaycan Respublikasının iqamətgahı Nyu-Dehli şəhərində olmaqla, eyni zamanda, Butan Krallığına təyin olunmuş səfiri Elçin Hüseynli etimadnaməsini Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuka təqdim edib

Azərbaycan Respublikasının iqamətgahı Nyu-Dehli şəhərində olmaqla, eyni zamanda, Butan Krallığına təyin olunmuş səfiri Elçin Hüseynli etimadnaməsini Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuka təqdim edib.

Mərasimdən sonra baş tutan qəbul zamanı Butan Kralı səfiri təyinat münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O, ölkəsində həyata keçirilən islahatlar, biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi üzrə görülən işlər barədə məlumat verib.

Səfir Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini deyib. O, noyabrın 12-13-də Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.

Butana səfəri çərçivəsində səfir E.Hüseynli, həmçinin ölkənin Baş naziri, xarici işlər və ticarət naziri, Milli Assambleyanın spikeri, Energetika və Təbii Sərvətlər Nazirliyinin katibi ilə görüşüb.

Görüşlər zamanı Azərbaycan ilə Butan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri müzakirə olunub, parlamentlərarası əlaqələr, təhsil, turizm, ətraf mühitin mühafizəsi, bərpaolunan enerji kimi sahələrdə əlaqələrin genişləndirilməsinə maraq ifadə olunub.

Həmsöhbətlərə 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə COVID-19 pandemiyasına qarşı qlobal mübarizə üzrə ölkəmizin həyata keçirdiyi önəmli tədbirlər, 80-dən çox ölkəyə göstərdiyi humanitar və maliyyə yardımları, təşkilatın institusional inkişafı üzrə gördüyü işlər barədə məlumat verilib. Səfir COP29-a hazırlıq prosesindən danışaraq, bu əhəmiyyətli beynəlxalq tədbirdə Butanın fəal şəkildə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Həmsöhbətlər ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə təşəbbüslərini və hazırda iqlim dəyişikliyi üzrə qlobal səylərini alqışlayıblar. Azərbaycanın beynəlxalq təhsil proqramlarında Butan vətəndaşlarının iştirakı üçün yaradılan imkana görə minnətdarlıq ifadə ediblər.

https://azertag.az/xeber/azerbaycanla_butan_arasinda_choxterefli_formatlarda_emekdasliq_meseleleri_muzakire_edilib-3046606

 

 

Arxiv üzrə axtarış