Azərbaycan səfiri etimadnaməsini Maldiv Prezidentinə təqdim edib
Azərbaycan Respublikasının Maldiv Respublikasına yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli sentyabrın 9-da etimadnaməsini bu ölkənin Prezidenti Məhəmməd Muizzuya təqdim edib.
Rəsmi təqdimetmə mərasimindən sonra keçirilən qəbul zamanı Prezident Muizzu səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında dostluq əlaqələrinin vəziyyətindən məmnunluğunu ifadə edib, münasibətlərin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
Səfir E.Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Prezident Məhəmməd Muizzuya çatdırıb.
Salamlara görə minnətdarlığını bildirən Prezident Muizzu öz növbəsində onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Söhbət əsnasında Azərbaycan ilə Maldiv arasında ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında sədrliyi dövründə Azərbaycanın həyata keçirdiyi qlobal təşəbbüslər, təşkilatın institusional inkişafı üzrə gördüyü işlər, Maldiv kimi inkişaf etməkdə olan kiçik ada dövlətləri də daxil olmaqla 80-dən çox ölkəyə göstərdiyi humanitar, maliyyə yardımları barədə məlumat verilib.
Səfir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabrda Azərbaycanda keçiriləcək 29-cu sessiyasının (COP29) ev sahibi kimi ölkəmizin iqlim dəyişikliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərə xüsusi diqqət ayırdığını, onların ehtiyaclarına və prioritetlərinə cavab verən razılaşma əldə etmək üçün maksimum səy göstərdiyini, milli səviyyədə geniş dəstək verdiyini diqqətə çatdırıb.
Prezident Muizzu COP29-un ev sahibi kimi Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirərək, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak üçün Azərbaycan Prezidentinin dəvətini qəbul etdiyini və bu mühüm qlobal tədbirə qatılacağını bildirib.
Maldivə səfəri çərçivəsində səfir E.Hüseynli, həmçinin bu ölkənin xarici işlər naziri Musa Zamir, dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim, həmçinin iqlim dəyişikliyi, ətraf mühit və enerji naziri Thoriq İbrahim ilə də görüşüb. Görüşlərdə siyasi, iqtisadi, turizm, hava bağlantısı, mədəniyyət və təhsil sahələrində əlaqələrə, COP29-a aid məsələlərə dair fikir mübadiləsi aparılıb, növbəti addımlar müzakirə olunub.