Doğumun qeydə alınması

Ümumi məlumat

Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı doğulduqda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparır.

Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.
Valideynlərin arzusu ilə doğumun dövlət qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.
Doğulan uşağın doğumunun qeydə alınması zamanı onun barəsində qeydiyyat aparılır və doğum haqqında şəhadətnamə verilir. Əkiz doğulan uşaqların doğumunun qeydə alınması zamanı onların hər biri barədə ayrıca qeydiyyat aparılır və hər birinə doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.

Doğulmuş uşağın valideynləri və ya onlardan biri doğum haqqında yazılı və ya şifahi məlumatları Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına verir. Doğulmuş uşağın valideynləri xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda doğum haqqında məlumat aşağıda göstərilən şəxslərdən biri tərəfindən konsulluqlara verilir:

1) qohumlar;
2) qonşular;
3) uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti;
4) digər şəxslər.

Doğum haqqında məlumat Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.


Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

Doğumun qeydə alınması üçün müraciət edən şəxs tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına aşağıdakı sənədlər təqdim edilməlidir:

1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
2. valideynlərin nikah haqqında şəhadətnaməsi;
3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
6. uşaq anası tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.
Yuxarıda qeyd olunan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

Valideynlərin birinin sənədləri yalnız üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadığı halda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilərlər.


Uşağa ad, ata adı və soyadın verilməsi qaydaları

Uşağa ad verilməsi

Uşağa ad valideynlərin razılığı ilə verilir. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə verilir.

Uşağa ata adının verilməsi

Uşağa ata adı isə atasının adına görə verilir. Valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Atalıq müəyyən olunmadıqda uşağa ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
Uşaq onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, ölmüş şəxs uşağın atası kimi doğum haqqında aktın qeydinə və şəhadətnaməyə bu şərtlə yazıla bilər ki, göstərilən şəxsin ölümü günündən uşağın doğulduğu günədək 10 aydan çox vaxt keçməsin.

Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır.

Uşağa soyad verilməsi

Uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.

Valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərin adı ilə soyad verilməsinə icazə verilmir.

Soyadlarının dövlət dilinə uyğunlaşdırılması məqsədilə valideynlərin arzusu ilə «-ov», «-yev» sonluqlu soyadlar sözün kökündən asılı olaraq «-lı», «-li», «-lu», «-lü», «-zadə», «-oğlu»,  «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər.

Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında vətəndaşların soyadlarının dövlət dilinə uyğunlaşdırılması ilə əlaqədar soyad sonluqları dəyişdirilərkən doğum haqqında akt qeydində bu barədə qeyd edilir və təkrar hesab olunmayan yeni şəhadətnamə verilir. Bu zaman dövlət rüsumu tutulmur.

Uşağın doğum tarixinin müəyyən edilməsi

Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən doğum haqqında akt qeydinin tamamlanması zamanı, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir.
Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir.

Doğumun qeydə alınması və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu

Diqqət! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, doğumun qeydə alınması və doğum haqqında ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:

1) doğum haqqında akt qeydində dəyişikliklərin,
düzəlişlərin, əlavələrin edilməsi və
akt qeydlərinin bərpa olunması ilə əlaqədar
şəhadətnamələrin verilməsinə görə - 10 ABŞ dollar

2) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı
haqqında arxiv materiallarına əsasən
təkrar şəhadətnamələrin verilməsinə görə - 10 ABŞ dolları

Diqqət! Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunur:

1. Doğum haqqında akt qeydinin nümunəsi;
2. Doğum haqqında şəhadətnamənin nümunəsi;
3. Doğum akt qeydinin bərpası haqqında, doğumun müddət gecikməsi ilə qeydə alınması haqqında Ərizə nümunəsi;
4. Doğum haqqında bərpa akt qeydinin nümunəsi;
5. Doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə Ərizənin nümunəsi.

 

Arxiv üzrə axtarış