Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirildiyi hallar
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat iki halda aparılır:
- şəxsin Azərbaycan vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı
- vətəndaşlığı təsdiq edən sənədləri qanunsuz əldə etməsinə əsaslı şübhələr olduqda.
Sənədlərin təqdim edilməsi ilə bağlı xəbərdarlıqlar
- Vətəndaşlığın müəyyən edilməsi üçün sənədlər ərizəçinin iştirakı ilə qəbul olunur.
- Vətəndaşlığı müəyyən edilən şəxs özü barədə sənədləri şəxsən imzalayır, qanuni nümayəndələr tərəfindən imzalandıqda iştirak edir.
- Sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
- Səfirliyə sənədlərin əsli təqdim olunur, sənədlərin əsli olmadıqda yalnız Azərbaycan Respublikasında notariat tərəfindən təsdiq edilmiş surətləri qəbul ediləcək və dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq orqanlarına sorğu göndəriləcəkdir.
Diqqət: Azərbaycan vətəndaşlığını təsdiq edən sənədləri olmayan yaxud sənədlərin qanunsuz əldə edilməsi şubhəsi olan ərizəçi, aşağıdakı hallarda xarici ölkənin vətəndaşı olmaması barədə sənəd təqdim etməlidir:
- Xaricdə doğulmuş və doğulması Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmamışsa,
- Başqa dövlətlərdə yaşamışsa,
- Valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa.
Vətəndaşliğin müəyyən olunması üçün
Səfirliyə təqdim olunan sənədlər
- Səfirlikdə imzalanan və Səfirliyə ünvanlanmış ərizə;
- Səfirlikdə imzalanan ərizə-anket (əlavə olunur);
- Səfirlikdə imzalanan sənədlərin sorğu əsasında alınması üçün ərizə-anket;
- Səfirlikdə imzalanan tərcümeyi-hal;
- 2 ədəd rəngli fotoşəkil (3x4, ağ fonda);
- şəxsiyyəti təsdiq edən sənədlər (pasport, şəxsiyyət vəsiqəsi və ya digər sənədlər);
- doğum haqqında şəhadətnamə;
- 18 yaşına çatmayanlar üçün valideynlərinin yaxud qanuni nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənədlər, qanuni nümayəndəlik hüququnu təsdiq edən sənəd;
- əcnəbi və ya vətəndaşlığı olmayan uşaq övladlığa götürülmüşdürsə, bu barədə sənəd;
- 01.01.1988 - 01.01.1992 illər arasında Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqın olduqda bu barədə sənəd;
- 07.10.1998-ci ilədək:
- Azərbaycan Respublikası yaxud Azərbaycan SSR vətəndaşı olduqda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən verilən Azərbaycanda yaşayış yeri üzrə qeydiyyat barədə sənəd (yaşayış yeri üzrə qeydiyyata alındığı və çıxarıldığı tarixlər göstərilməklə);
- Azərbaycan Respublikası cəzaçəkmə müəssisəsində cəza çəkən şəxs olduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilən sənəd (cəzaçəkmə müddəti göstərilməklə);
- Azərbaycan Respublikasında hərbi qulluqda olan hərbi qulluqçu olduqda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanlarından verilən sənəd (hərbi xidmət dövrü göstərilməklə).
Aşağıdakı hallarda 14-18 yaş arası uşaqların Səfirlikdə imzaladıqları razılıq ərizələri:
- ər-arvadın hər ikisi Azərbaycan vətəndaşı, övladlığa götürülən əcnəbi yaxud vətəndaşlığı olmayan şəxs olduqda,
- ər-arvadın biri Azərbaycan vətəndaşı, digəri vətəndaşlığı olmayan şəxs, övladlığa götürülən əcnəbi yaxud vətəndaşlığı olmayan şəxs olduqda,
- hər iki valideyn vətəndaşlığını dəyişdirib Azərbaycan vətəndaşlığını qəbul etdikdə,
- uşağın valideynlərindən biri məlumdursa və həmin valideyn Azərbaycan vətəndaşlığını əldə etdikdə,
- uşaq Azərbaycanda yaşayırsa, valideynlərindən biri Azərbaycan vətəndaşlığını qəbul etmiş, digəri vətəndaşlığı olmayan şəxs olduqda.
Dövlət rüsumunun ($25) ödənildiyi barədə qəbz;
Qeyd 1. 18 yaşına çatmayan yaxud qəyyumluq altında olanların yaşayış yeri üzrə qeydiyyatı olmadıqda, yaşayış yeri üzrə qeydiyyat yeri kimi qanuni nümayəndələrin yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir;
Qeyd 2. Valideynlərini itirmiş yaxud himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatı kimi aşağıdakılar qəbul edilir:
¨ Yaşadıqları müəssisələr,
¨ Qanuni nümayəndələrinin yaşayış yeri,
¨ Övladlığa götürən şəxsin yaşayış yeri.
Sənədlərin sorğu üçün göndərilməsi
Səfirliyə təqdim olunan sənədlər vətəndaşlığın müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir. Müraciətə baxılma müddəti həmin vaxtdan başlayır və təqdim edilən sənədlərdən asılı olaraq 2 ayadək müddətə baxılır.
Dövlət Miqrasiya Xidmətindən alınan məlumat əsasında şəxsə yazılı məlumat verilir.