XARİCİ ÖLKƏLƏRDƏKİ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ UÇOTU VƏ HAQQI ÖDƏNİLƏN ƏMƏK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMA HAQQINDA QEYDİYYATI

Ümumi məlumatlar

  1. a.    Hindistan, Banqladeş, Butan, Maldiv, Nepal və Şri Lankada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların qeydiyyatı 

Səfirliyin konsulluq şöbəsi bu ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparır.

Vətəndaşlarının uçotu və qeydiyyatı onların hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə və ödənişsiz aparılır.

Vətəndaş arzu etdiyi təqdirdə onun konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması barədə konsulluq tərəfindən arayış verilir. Arayışda vətəndaşın adı, atasının adı, soyadı, təvəllüdü və şəxsiyyətini təsdiq edən sənədinin nömrəsi, arayışın verilmə səbəbi, arayışı verən orqanın adı, arayışın verilmə tarixi və arayışı verən vəzifəli şəxsin adı və soyadı qeyd olunur.

Qeyd: Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması zamanı onların pasportlarında heç bir qeyd aparılmır.

  1. b.    Azərbaycan Respublikasının səfirlikləri və ya konsulluqları olmayan xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı.

Bu halda qeydiyyat vətəndaş tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilən məlumatlar əsasında aparılır. Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar müvafiq sənədləri təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərməlidirlər.

2.    Konsulluq uçotu

Xarici ölkələrdə daimi yaşayan vətəndaşların uçotu

Uçota alma

Səfirliyin akkreditə olunduğu ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında həmin ölkələrdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən

  • Səfirliyə uçota alınmaq üçün ərizə ünvanlanır;
  • vətəndaşının və varsa onunla birlikdə yaşayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Xaricdə daimi yaşayan vətəndaşın uçot vərəqəsi doldurulur (əlavə olunur);
  • uçot vərəqində hərbi vəzifəlilər üçün “hərbi vəzifəli”, çağırışçılar üçün “çağırışçı” qeydləri edilir;
  • əmək pensiyası təyin olunduğu təqdirdə “əmək pensiyaçısı” qeydi edilir;
  • iki ədəd fotoşəkil (3x4);
  • xarici ölkədə daimi yaşamaq icazəsi barədə sənədlərin surətləri əlavə olunur.

Daimi yaşayan vətəndaş konsulluq uçotuna alındıqdan sonra qanunvericiliyə müvafiq qaydada hərbi və təqaüd uçotlarına alınır.

Hərbi uçot 

  • Səfirlik xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır;
  • 18 yaşına çatmış vətəndaşların (kişi) həqiqi hərbi xidmətə çağırılmaları məqsədilə onların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölməsinə gəlmələrini təmin edir;
  • 18 yaşına çatmış çağırışçıların siyahısı tərtib edilir və həmin siyahı ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilir.

Əmək pensiyası uçotu 

  • Səfirlik Azərbaycan qanunvericiliyinə müvafiq olaraq əmək pensiyası təyin edilmiş, xaricdə daimi yaşayan vətəndaşların əmək pensiyası uçotunu aparır,
  • onların siyahısını tərtib edir və həmin siyahını ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına (DSMF) göndərir,
  • əmək pensiyasının təyin edilməsi məqsədilə onların ərizələrinin və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərin sürətlərini, müşayiət məktubunda sadalamaqla DSMF-nin yerli orqanına göndərilməsini təmin edir,
  • əmək pensiyası alan vətəndaş uçotdan çıxarıldıqda, Səfirlik DSMF-nin yerli orqanını məlumatlandırılır.

Xarici ölkələrdə müvəqqəti yaşayan vətəndaşların uçotu 

Səfirliyin akkreditə olunduğu ölkələrdə üç aydan artıq  yaşayan vətəndaşlar  Səfirlikdə uçota alınırlar.

Tələb olunan sənədlər:

  • Səfirliyə uçota alınmaq üçün ərizə;
  • Xaricdə müvəqqəti yaşayan vətəndaşın uçot vərəqəsi (əlavə olunur);
  • vətəndaşının və varsa onunla birlikdə yaşayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • uçot vərəqində hərbi vəzifəlilər üçün “hərbi vəzifəli”, çağırışçılar üçün “çağırışçı” qeydləri edilir;
  • iki ədəd fotoşəkil (3x4);
  • xarici ölkədə müvəqqəti yaşamaq icazəsi barədə sənədlərin surətləri əlavə olunur.

Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə müvəqqəti yaşayış müddətinin bitməsi ilə əlaqədar xarici ölkəni tərk etdiyi tarixdən sonra onun uçot vərəqəsi 2 il saxlanılır və sonra müvafiq akt tərtib edilərək, ləğv edilir.

Azərbaycan vətəndaşlarının uçotdan çıxarılma qaydaları

Xarici ölkələrdə daimi yaşayan vətəndaşlar

  • daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikləri, 
  • Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildiyi,
  • vəfat etdikləri,
  • barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduğu hallarda Səfirlik tərəfindən uçotdan  çıxarılırlar.

Diqqət: Uçotdan çıxarılma zamanı, uçot vərəqəsində uçotdan çıxarılmanın səbəbləri və tarixi barədə qeyd yazılır və uçotdan çıxarılmış şəxslər üçün nəzərdə tutulan qovluqda 2 il saxlanıldıqdan sonra müvafiq akt tərtib edilərək ləğv edilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə illik hesabat forması (əlavə olunur)

  1. 3.    Əmək fəaliyyətinin qeydiyyatı

Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı

Vətəndaşlar Səfirliyin akkreditə olunduğu ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, həmin ölkəyə gəldikdən bir ay müddətində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə məlumat verilməsi üçün Səfirlikdə qeydiyyatdan keçməlidirlər.

Tələb olunan sənədlər:

-        Səfirliyə uçota alınmaq üçün ərizə;

-        vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərin surəti;

-        xarici ölkədə daimi və ya müvəqqəti yaşamaq üçün uçot vərəqəsi,

-        iki ədəd fotoşəkil (3x4);

-        -xarici ölkədə işləmək və yaşamaq icazəsi barədə sənədlər.

Arxiv üzrə axtarış