2016-10-11

Xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 17-ci Sammitində çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 17-18 sentyabr 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında keçirilən 17-ci Sammitində çıxışı

Prezident Nikolas Maduro,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar,

Mən bütün əvvəlki natiqlərin fikirlərinə şərik çıxaraq, Qoşulmama Hərəkatının yeni və əvvəlki sədrləri statusunda Venesuela Bolivar Respublikası və İran İslam Respublikasının Hərəkatın ədalətli məqsəd və prinsiplərinin inkişaf etdirilməsindəki səylərini yüksək qiymətləndirirəm.

Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynamışdır. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirmişdir.

Bizim Hərəkat qoşulmama anlayışını müsbət və cəlbedici səy kimi formalaşdıra bilmişdir. Müstəmləkələrin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.

Lakin hələ də Hərəkatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi uzunmüddətli məqsədlərinin tam olaraq həyata keçirilməsi istiqamətində görüləcək işlər çoxdur.

Biz son qlobal gərginliklər və siyasi böhranların daha çox inkişaf etməkdə olan ölkələrə zərbə vurmaqla, onların iqtisadi və sosial inkişafını ləngitdiyini və beləliklə, bu ölkələrdə insan inkişafı üzrə göstəriciləri aşağı saldığını yaxşı bilirik.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. İki önəmli beynəlxalq nəqliyyat dəhlizinin - Şimal-Cənub və Şərq-Qərb - kəsişməsində yerləşən Azərbaycan Cənub-Cənub əməkdaşlığı da daxil olmaqla, siyasi müstəqillik və iqtisadi əməkdaşlıq vasitəsilə inkişafı hər zaman təşviq edir.

Son on il ərzində Azərbaycan dünya enerji bazarında və nəqliyyat infrastrukturu inkişafı layihələri üzrə önəmli aktorlardan birinə çevrilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının rəhbərliyi əhalinin rifahının artırılması, savadsızlıq və yoxsulluğun azaldılması, həmçinin Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətinə görə 2015 Cənub-Cənub mükafatına layiq görülmüşdür.

Sürətli iqtisadi inkişaf Azərbaycanı donor ölkəyə çevirmişdir. Xarici İşlər Nazirliyi yanında Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanda aparıcı qeyri-hökumət xeyriyyə təşkilatı olan Heydər Əliyev Fondu vasitəsilə mənim ölkəm Hərəkata üzv olan bir neçə ölkədə çoxlu sayda sosial, humanitar və inkişaf layihələrini dəstəkləmiş və həyata keçirmişdir.

Biz həmçinin xalqlar arasında inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşmaya da xüsusi əhəmiyyət veririk. 25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etmişdir. Bundan başqa, biz 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Biz bütün bunların Qoşulmama Hərəkatı çərçivəsində və ondan kənarda mədəniyyətlər və dinlər arasında qarşılıqlı harmoniyanın təşviqinə davamlı xidmət edəcəyinə inanırıq.

Xanımlar və cənablar,

Təəssüf ki, zorakılıq və münaqişələr hələ də inkişaf və çiçəklənməyə mane olur. Artıq 20 ildən çoxdur ki, Ermənistan beynəlxalq hüququn fundamental norma və prinsiplərini davamlı şəkildə və açıq-aşkar pozur və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20%-ni işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirmiş, nəticədə nə Ermənistanda, nə də Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. BMT Təşlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasətini pisləyən və Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnaməsi (822, 853, 874 və 884) hələ də icra edilməmişdir.

Beynəlxalq ictimaiyyətin birmənalı mövqeyi beynəlxalq sülhə qarşı bu cür dəhşətli təhlükələrin aradan qaldırılması baxımından oluqca önəmlidir. Bu xüsusda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı Yekun Sənəddə bir daha ifadə edilən əsaslı dəstəyə görə öz minnətdarlığını bildirir. Bu, üzv dövlətlərin Bandunq prinsiplərinə ciddi riayət etməsinin aşkar təzahürüdür və onların zorakılıq, işğal, etnik təmizləmə və qaçqın və məcburi köçkünlərin insan hüquqlarının kobud şəkildə pozulması hallarına qarşı qəti mövqeyini əks etdirir.

Hörmətli qonaqlar,

Mən bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və üç il sonra Hərəkata sədrlik edəcək dövlətimin adından burada çıxış etdiyim üçün qürur duyuram. 2019-cu ildə Bakıda keçiriləcək 19-cu Sammit rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Mən fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatına üzv olan bütün ölkələrin dövlət və hökumət başçılarına növbəti sammitdə iştirak etmək üçün səmimi dəvətimizi çatdırıram.

Təşəkkür edirəm.

Arxiv üzrə axtarış