2017-01-27

Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin ATƏT-in missiyalarının mandatlarının uzadılmasına dair mətbuat açıqlaması

2016-cı ilin dekabr ayında məlumat verildiyi kimi, Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi qanuni əsaslı narahatlıqlardan çıxış edərək, ATƏT-in Yerevandakı Ofisinin son illər ərzində həyata keçirdiyi minalardan təmizləmə ilə bağlı fəaliyyətinə öz etirazını bildirmişdir. ATƏT-dəki tərəf müqabillərinin əksəriyyəti məsləhətləşmələr zamanı ATƏT-in Yerevandakı Ofisinin minalardan təmizləmə ilə bağlı fəaliyyətini mandatın açıq-aşkar pozulması kimi qiymətləndirmişlər. Yerevan ofisi Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə ilə bağlı münaqişənin nizamlanması prosesi də daxil olmaqla, hər hansı bir fəaliyyətə cəlb oluna bilməz, bu ATƏT-in Minsk Qrupunun səlahiyyətlərinə müdaxilə deməkdir. Buna görə, Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Yerevan ofisini öz mandatı çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı narahatlığına cavab olaraq, Ermənistan özünün həmişəki girov götürmə ənənəsinə sadiq qalaraq, 31 dekabr 2016-cı il tarixində heç bir dəlil göstərmədən ATƏT-in Özbəkistan və Bişkekdəki Mərkəzlərinin Layihə Əlaqələndiriciləri, Rusiya-Ukrayna sərhədində yerləşən iki Rusiya sərhəd yoxlama məntəqəsindəki ATƏT müşahidəçilərinin müvafiq mandatlarının uzadılmasını, həmçinin ATƏT-in 2016-cı il üçün Vahid Büdcəsinə düzəlişlərə dair Qərarını blok etmişdir. Ermənistan tərəfinin bu kimi şantaj hərəkətləri ATƏT-in bu mühüm missiyalarının funksiyalarını qeyri-işlək və öz nazından asılı vəziyyətə salmış, onların demək olar ki bağlanmasına səbəb olmuşdur. Yalnız bu gün Ermənistanın xarici işlər naziri E.Nalbandyan ATƏT rəhbərliyi və Baş Katib ilə təcili məsləhətləşmələr üçün Vyanaya çağırıldıqdan sonra, Ermənistan tərəfi müvafiq qərarlar üzrə öz əsassız qadağasını geri götürməyə məcbur edilmişdir.

Ermənistan ATƏT-in Yerevan Ofisinin ev sahibi statusundan sui-istifadə etmək üçün özünün şantaj siyasətini ATƏT-ə tətbiq etməkdə davam edir. Nəticədə, ATƏT-in Yerevan Ofisi tərəfindən mandatın pozulması cavabsız qalır və onun əməliyyat fəaliyyəti dayandırılmış vəziyyətdədir.

Məsələ ilə bağlı Azərbaycanın mövqeyi konstruktiv və prinsipial olaraq qalır. ATƏT-in Yerevan Ofisinin fəaliyyətinin şəffaf olması, ATƏT qarşısında məsuliyyət daşıması və mandat çərçivəsində həyata keçirilməsi təmin olunmalıdır. Daimi Nümayəndəlik ümid edir ki, ATƏT öz prinsipləri, ortaq dəyərləri və öhdəliklərini güdaza verməyərək həmrəylik və birlik formasında Ermənistan tərəfindən yaradılan bu növbəti problemin də öhdəsindən gələcəkdir.

Arxiv üzrə axtarış