2017-09-23

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin görüşündə çıxışı

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin görüşündə çıxışı

Nyu-York, 22 sentyabr 2017-cı il

Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir. Multikulturalizm və tolerantlıq ölkəmizdə cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanda multikulturalizm ili” elan edilmişdir. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanmışdır.

Sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə, xüsusilə gənclər arasında əldə edilə biləcəyinə inanan bir ölkə kimi Azərbaycan, 2014-cü ilin 28-30 oktyabr tarixində BMT Baş katibinin Gənclər, BMT-nin İnkişaf Proqramı, YUNESKO və Avropa Şurası üzrə elçisi ilə birgə təşkil olunmuş Bakı Gənclər siyasəti üzrə birinci Qlobal Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu təşviq edən tədbirlərin mərkəzinə çevrilmişdir. Forumun 700 iştirakçısının dövlətin gənclərə dair siyasətinin müxtəlif aspektlərini müzakirə etmək və 2015-ci ildən sonrakı inkişaf dövrü ərzində gənclərin tələbatlarını düzgün ünvanlanyan daha adekvat siyasətləri formalaşdırmaq üçün yol və strategiyaları nəzərdən keçirmək imkanı oldu.

25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən artıq iştirakçı qatılmışdır. Forumun mövzuları davamlı inkişaf üçün inkluziv cəmiyyətlərin əsas komponent kimi təşviq edilməsinin də daxil olduğu Davamlı İnkişaf üzrə 2030 Gündəliyini özündə əks etdirmişdir. Fürsətdən istifadə edərək, mən adıçəkilən Forumun təşkilatçı və iştirakçılarına təşəkkür etmək istərdim.

Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrıseçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ektremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı.

Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qaşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməlidir. İnkluziv cəmiyyətlərin yaradılması və inkişafında gənclərin xüsusi rolunu qəbul edərək, Forum çərçivəsində 150-dən artıq gəncin iştirak etdiyi BMT Sivilizasiyalar Alyansının Gənclər Tədbiri də keçirilmişdir.

Bundan əlavə, bu il biz yüksək səviyyəli qonaqların, xüsusilə hökumət başçıları, nazirlər, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bəşəriyyətin marağına xidmət edən çoxsaylı qlobal məsələlərə dair panellərdən ibarət IV Ümumdünya Mədəniyyərlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Tədbirin əsas sessiyalarından biri "Gənclərin təhsil vasitəsilə zorakı ekstremizmin qarşısını almaq üçün maarifləndirilməsi" mövzusuna həsr edilmişdir.

Təşəkkür edirəm. 

Arxiv üzrə axtarış