8 Noyabr - Zəfər Günü münasibətilə Səfirlikdə bayram tədbiri keçirilib
Azərbaycan Respublikasının Hindistandakı səfirliyində 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbir zamanı, səfir Əşrəf Şıxəliyev 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi xarici işğaldan danışıb. O, Ermənistanın təcavüzünə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20 faizini işğalda saxlamasına baxmayaraq, ulu öndər Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin müasir, güclü və inkişaf edən diyara çevrildiyini vurğulayıb. Bildirib ki, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə nail olub. Lakin, 30 illik işğal dövrü təsirsiz ötüşməyib, Qarabağın şəhər və kəndləri talan edilib. Tədbirdə Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin tamamilə dağıdılmasını, urbisidə məruz qalmasını əks etdirən videoçarx göstərilib.
Qeyd olunub ki, hazırda Qarabağın çiçəklənən və inkişaf edən diyara çevirmək məqsədilə işğaldan azad olunan torpaqlada yenidənqurma işləri davam etdirilir, “ağıllı şəhər” və “ağıllı kənd”lər salınır. Burada bir çox imkanlar açılır, o cümlədən yeni texnologiyaların tətbiq edilməsi ilə irimiqyaslı infrastruktur layihələri həyata keçirilir və bununla bağlı qabaqcıl xarici şirkətlər Azərbaycana işləməyə dəvət olunurlar.
Tədbirdə iştirak edən ADA Universitetinin nümayəndəsi Şəfəq Mehrəliyeva Ermənistan-Azərbaycan münaqişəsindən söz açaraq, münaqişə zamanı özü də daxil olmaqla bir çox insanın evlərini itirdiklərini bildirib. Ş.Mehrəliyeva Azərbaycanın inkişaf yolu ilə gedəcəyini və bu yolda peşəkar kadrların yetişdirilməsinin zəruri olduğunu vurğulayıb. Bu xüsusda ADA Universitetində tətbiq olunan innovativ təhsil proqramları sayəsində yüksək savadlı, peşəkar kadrların yetişdirildiyini, ali təhsil ocağında yerli tələbələrlə yanaşı, xarici tələbələr üçün də müxtəlif ixtisaslar və proqramlar üzrə təhsil almaq imkanlarının mövcud olduğunu qeyd edib.