2023-10-07

Nepalın paytaxtı Katmandu şəhərinə 3-7 oktyabr 2023-cü il tarixində baş tutmuş səfər ilə bağlı Azərbaycan Respublikasının Hindistandakı Səfirliyin press-relizi

Cari ilin 3-7 oktyabr tarixlərində Azərbaycan Respublikasının Hindistandakı səfiri Əşrəf Şıxəliyev Nepalın paytaxtı Katmandu şəhərinə səfər etmişdir. Səfər çərçivəsində Nepalın yüksək səviyyəli rəsmiləri, o cümlədən Baş nazir Pushpa Kamal Dahal, Baş nazirin müavini və daxili işlər naziri Narayan Kaji Shreshtha, xarici işlər naziri Narayan Prakash Saud, Baş nazirin müşaviri Haribol Prasad Gajurel və İmmiqrasiya Bürosunun baş direktoru Rudra Singh Tamang ilə görüşlər keçirilmişdir.

Görüşlər zamanı Azərbaycan-Nepal ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Qarşı tərəfə Cənubi Qafqaz regionunda baş vermiş son hadisələr barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, ölkəmizdə qanunsuz olaraq mövcud olmuş Ermənistanın diversiya qrupları tərəfindən basdırılmış mina partlayışları nəticəsində 19 sentyabr tarixində 2 mülki şəxs və 4 nəfər polis işçisi olmaqla 6 nəfər həlak olmuşdur. Azərbaycan beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində lokal antiterror tədbirləri həyata keçirmişdir. 24 saatdan az bir müddətdə davam etmiş tədbirlər nəticəsində Ermənistanın ölkəmizdə yerləşdirdiyi qanunsuz silahlı birləşmələr təslim olaraq ölkəmizi tərk etməyə məcbur olmuşlar.

Lokal xarakterli antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələrin və hərbi infrastrukturun hədəfə alındığı, mülki əhali və obyektlərin vurulmadığı və bu faktın bölgəyə səfər etmiş BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri tərəfindən qeydə alındığı qarşı tərəfə bildirilmişdir. Əməliyyatdan dərhal sonra Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslər irəli sürülmüş və Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndəsi arasında görüşlər baş tutmuşdur. Bundan əlavə, Qarabağda yaşayan erməni sakinlərin sosial və humanitar ehtiyaclarını qarşılamaq üçün Azərbaycan tərəfindən müvafiq yardımların göstərildiyi qeyd edilmişdir. Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin onların könüllü və fərdi qərarı əsasında baş verdiyi, bunun üçün müvafiq şəraitin yaradıldığı və bu addımın hər hansı bir məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı diqqətə çatdırılmışdır.

Nepal ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunarkən mümkün sahələrdən biri ictimai xidmət, o cümlədən ASAN Xidmət təcrübəsinin bölüşməsi olmuşdur. Keçirilmiş görüşlər zamanı səfir Ə.Şıxəliyev ASAN Xidmət modeli barədə təqdimatlarla çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ya qısaca ASAN Xidmət yaradıldığını bildirmişdir. Qeyd edilmişdir ki, bir çox dövlət və özəl qurumları özündə birləşdirən ASAN Xidmət mərkəzlərində vətəndaşlar üçün 400-dən çox müxtəlif xidmət göstərilir. Yaradıldıqdan cəmi üç ildən sonra, 2015-ci ildə ASAN Xidmət BMT-nin İctimai Xidmət üzrə nüfuzlu mükafatına layiq görülmüş və bundan sonra da qurum göstərilən xidmətlərin çeşidlərini genişləndirərək ASAN Viza, səyyar ASAN Xidmət, ABAD və sair mühüm təşəbbüsləri həyata keçirmişdir.

Qarşı tərəfə “ASAN Life” konsepsiyası üzərində bölgələrdə yaradılmış xidmət mərkəzləri barədə məlumat verilmiş və Nepalın dağlıq coğrafiyasını nəzərə alaraq ucqar yerlərdə səyyar ASAN Xidmət modelin üstünlükləri haqda bəhs edilmişdir. Dünya əhalisinin daim artdığını nəzərə alaraq yeni iş yerlərinin açılması baxımından ABAD-ın təqdim etdiyi insanların özünü məşğulluq konsepsiyası barədə qarşı tərəfə məlumat verilmişdir. Nepal iqtisadiyyatında turizm sahəsinin önəmli olduğunu nəzərə alaraq turist axının artımının təşviq edilməsi üçün ASAN Viza modeli faydası barədə təqdimat keçirilmişdir. Göstərilən xidmət səviyyəsinin təkmilləşdirilməsi məqsədilə ASAN Xidmət mərkəzlərində vətəndaşların razılıq dərəcəsinin daim qeydə alındığı və hazırda razılıq dərəcəsinin 99% təşkil etdiyi vurğulanmışdır.

ASAN Xidmət haqqında ətraflı məlumat verən səfir qeyd etdi ki, Azərbaycanda rəqəmsal idarəçilik ilə bağlı həyata keçirilmiş tədbirlər nəticəsində əhalinin güzəranı xeyli asanlaşmış, eləcə də iqtisadiyyatın inkişafına əhəmiyyətli dərəcədə töhfə verilmişdir.  Nepal Hökumətində bu təcrübəyə maraq olduğu halda Azərbaycan tərəfinin öz müsbət təcrübəsini dost Nepal ilə bölüşməyə hazır olduğu qarşı tərəfin diqqətinə çatdırılmşdır.

Keçirilmiş görüşlər zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Arxiv üzrə axtarış