Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər nazirinin müavini xanım Sujata Mehtanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və iki ölkə arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər nazirinin müavini xanım Sujata Mehtanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, yüksək texnologiyalar, əczaçılıq, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycan və Hindistan arasında əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası müştərək komissiya və XİN-lərarası siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulandı. Söhbət zamanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsi və bu layihələrin regionlarası əməkdaşlığa töhfəsi ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin təşkil olunması, universitetlərarası müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər müzakirə olundu.
Səfər əsnasında Azərbaycan və Hindistan arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirildi. Məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Hindistanı isə xarici işlər nazirinin müavini xanım Sujata Mehta təmsil etdi.
Xələf Xələfov Azərbaycan ilə Hindistan arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirdi.
X.Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni-təhsil, kənd təsərrüfatı, kommunikasiya texnologiyaları və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirdi.
Parlament diplomatiyasının inkişafının əhəmiyyətinə toxunan X.Xələfov hər iki ölkənin parlamentariləri arasında təmasların artırılmasının vacibliyini vurğuladı.
Nazir müavini nəqliyyat və energetika sahəsində əməkdaşlıq haqqında danışaraq, regionda iriqmiyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın rolunu qeyd etdi. O, Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırdı. X.Xələfov həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə istifadəyə verilməsi barədə məlumat verdi.
Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan X.Xələfov sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirdi. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkün olduğunu bildirdi.
Xanım Sujata Mehta ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq etmək niyyətini ifadə edərək, iki ölkə arasında siyasi dialoqun davamlı olmasında Hindistanın da maraqlı olduğunu nəzərə çatdırdı. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırdı. Xüsusilə, kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə “İnformasiya Texnologiyaları Mərkəzinin yaradılması”nın mümkünlüyünü diqqətə çatdırdı. Həmçinin, o, alternativ enerji və əczaçılıq kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.
Xanım diplomat ölkəsinin Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini və bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işləri alqışladığını diqqətə çatdırdı.
Sujata Mehta Hindistanın Azərbaycanın ərazi bütövlüyü, suverenliyini tam şəkildə dəstəklədiyini ifadə edərək, ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə dinc yolla həllinə tərəfdar olduğunu bildirdi. O, Azərbaycanın regionda sülh, sabitlik və enerji təhlükəsizliyinin təmin olunmasında verdiyi töhfələrin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini xüsusilə qeyd etdi.