Xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışı
qeyri-rəsmi tərcümə
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışı
23 Sentyabr 2016-cı il, Nyu-York
Hörmətli Nazirlər və nümayəndə heyətlərinin rəhbərləri,
Xanımlar və cənablar,
Əziz həmkarlar,
Şuranın növbədənkənar iclasının bütün iştirakçılarını salamlayıram və belə bir görüşün təşkilinə görə ECO Katibliyinə təşəkkürümü bildirirəm.
Bugünkü görüş təşkilat daxilində son dövrlərdəki fəaliyyət və son zamanlar sürətlə dəyişən mühitdə öz perspektivlərini müəyyən etmək baxımından fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır.
Bu səbəbdən, hazırkı fürsətdən səmərəli faydalanmalı, həmçinin, praktik müzakirələr, o cümlədən təşkilatı həqiqətən də işlək və təsirli edəcək qərarların qəbul edilməsi üçün istifadə etməliyik.
Bu gün, qlobal iqtisadi fəallığın zəifləməsi, enerji, nəqliyyat və digər qarşılıqlı bağlantılı komponentlərin təsirləri ilə qarşılaşmaq təcrübəsi ölkələrimizin iqtisadi və ticari baxımdan inkişafı üçün daha çox perspektiv vəd edir. Ona görə də nəqliyyatın, ümumən prioritet sahələr arasında əlaqəli məsələlərin inkişafının regional ticarətin artımı üçün mühüm şərt olmasını vurğulamaq vacibdir.
Regional və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığa töhfə vermişdir. Biz fəal şəkildə Beynəlxalq Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat Dəhlizinin həyata keçirilməsində iştirak edirik. Trans-Xəzər Beynəlxalq Marşrutunun yaradılması və gələn il istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi əhəmiyyətli layihələr sırasındadır.
Biz əminik ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin - Rəşt - Astara (İran) – Astara (Azərbaycan) dəmir yol layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcəkdir. Ümumi maraq doğuran digər perspektivli sahə isə “Gündəlik 2030” və Davamlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq davamlı enerji ehtiyatları sahəsi də daxil olmaqla davamlı inkişafda birgə fəaliyyətin gücləndirilməsidir.
Biz son meylləri və ECO regional elektrik enerjisi bazarının yaradılması üzrə inkişafı yaxından müşahidə edirik. Azərbaycan, həmçinin, Bakı şəhərində bərpa olunan enerjiyə dair Məlumat İnformasiya Şəbəkəsinin (MİŞ) yaradılması təşəbbüsünü irəli sürmüşdür.
Azərbaycan özünün əməli fəaliyyəti ilə ECO-nun məqsəd və hədəflərinə töhfə verməkdə davam edir. Bu il biz, region daxili ticarət və sərmayə, o cümlədən ECO regionunda iqtisadi artım və inkişafın gücləndirilməsinə töhfə verəcək IV ECO Biznes Forumuna ev sahibliyi edəcəyik.
Ekoloji problemləri həll etmək üçün regional fəaliyyətin inkişafı ECO çərçivəsində əməkdaşlığın prioritet sahələri arasındadır. Bu gündəliyin tərkib hissəsi kimi Azərbaycan nəzərdə tutulan Milli səviyyədə Müəyyən edilmiş Töhfələrini təqdim etmək və İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalamaqla qlobal iqlim sabitliyinə nail olunması istiqamətində iqlim dəyişikliyinə qarşı mübarizə üzrə beynəlxalq səylərə qoşulmuşdur.
Elm və tədqiqat sahəsində hazırkı səmərəli əməkdaşlıq ECO layihələrinin müəyyənləşdirilməsi və hazırlanması işində təşkilatın potensialını artırır.
Bu baxımdan, biz inanırıq ki, Bakı şəhərində ECO Tədqiqat Mərkəzinin tez bir zamanda yaradılması səmərəli iqtisadi layihələr, tədqiqat proqramları, o cümlədən region ölkələri üçün iqtisadi modellərin hazırlanması yolu ilə ECO-nun gələcək inkişafına öz töhfəsini verəcəkdir.
Biz həmçinin, regional xarakter daşıyan iqtisadi layihələrin uğurla həyata keçirilməsi üçün regional səviyyəli faydalı layihələrin, habelə BMT-nin ixtisaslaşmış qurumları və beynəlxalq maliyyə institutları ilə daha sıx əməkdaşlığın həyata keçirilməsinin təşviq edilməsini məqsədəuyğun hesab edirik.
Bütövlükdə, fəaliyyətin səpələnməsinin əvəzinə üzv dövlətlər və bütün region üçün ümumi olan nəqliyyat, alternativ enerji, ticarət və sərmayələr, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizmin daxil olduğu əsas prioritetlərə diqqət yetirməliyik.
Hörmətli Həmkarlar,
Şuranın bundan əvvəlki iclaslarında təşkilat çərçivəsində əməkdaşlığın mövcud mexanizmini inkişaf etdirmək üçün kreativ yol və vasitələrin tapılmasının zəruriliyini vurğulamışdıq. Hazırda hazırlanmaq mərhələsində olan yeni ECO Baxış 2016-2025 sənədi bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir. Bu islahatlar prosesi ECO daxilində hazırkı institutlar və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi daşımalıdır.
Azərbaycan ECO-nun daha da inkişafı naminə fəaliyyətlərin hazırlanması imkanları ilə təmin edə biləcək birgə səylərlə müşayiət olunan islahatlar prosesini dəstəkləyir.
Hörmətli Həmkarlar,
Regionda uzunsürən münaqişələr həll olunmadan, təhlükəsizlik və sabitlik təmin edilmədən ECO hərtərəfli regional əməkdaşlığın faydasından bəhrələnməkdə uğursuzluğa düçar olacaq. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi iqtisadi inkişaf üçün hələ də qeyri-sabitlik və maneə mənbəyi olaraq qalır.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, həmçinin qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının təmin edilməsi təkcə Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verməyəcək, eyni zamanda tamhüquqlu region daxili əməkdaşlığı gücləndirəcəkdir.
Diqqətinizə görə sağ olun.