2017-02-01

Xarici işlər naziri Elmar Məmmədyarovun Trend-ə müsahibəsi

Ermənistanın xarici işlər naziri dünən keçirdiyi mətbuat konfransında yenə də Azərbaycana qarşı yalan və böhtanlarla çıxış edib. Bunu necə şərh edərdiniz?

- Ermənistan xarici işlər nazirinin diplomatik etikadan kənar olan açıqlamaları danışıqlar prosesinin mahiyyətini təhrif edir. Onun ikrah doğuran təhqiramiz açıqlamaları həm də ziddiyyətli xarakter daşıyır. Bunlar yalnız daxili istehlaka yönəlmiş militarist və aqressiv bəyanatlardır.

Bu əsassız ittiham və böhtanlarda regionda sülhün təmin olunması, regionun gələcək inkişafı və münaqişənin həlli perspektivləri ilə bağlı bir dənə də olsun pozitiv fikir yoxdur.

Sağlam məntiqdən kənar olan bu kimi emosional və destruktiv açıqlamalar qəsdən vəziyyətin gərginləşdirilməsi, gərginlik fonunun yaradılması və nəticə etibarilə danışıqların pozulması cəhdlərinə xidmət edir. Ermənistanın siyasi rəhbərliyinə xas olan bu kimi destruktiv baxış və davranışla regionda davamlı sülhü təmin etmək və münaqişənin həllinə nail olmaq çox çətin görünür.

Ermənistan rəhbərliyinin bu kimi fəaliyyətinə erməni xalqı və beynəlxalq ictimaiyyət özü qiymət verməli və nəticə çıxarmalıdır.

- Ermənistanın xarici işlər naziri insidentlərin araşdırılması mexanizmi, ATƏT-in Yerevan ofisi, Aleksandr Lapşin və digər məsələləri də təhrif edir. Həmçinin ATƏT-in Hamburq iclası çərçivəsində nazirlər səviyyəsində "3+2" formatında görüşü pozduğu halda, indi Edvard Nalbandyan Hamburqda həmsədrlərlə görüşün keçirildiyini iddia edir.

- İnsidentlərin araşdırılması mexanizmi, ATƏT-in Yerevan ofisi və Aleksandr Lapşin məsələsi ilə əlaqədar Azərbaycanın əsaslandırılmış mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırılıb. Ermənistan qəsdən bu məsələləri siyasi möhtəkirlik obyektinə çevirməyə çalışır.

ATƏT-in Hamburqda keçirilmiş nazirlər toplantısı çərçivəsində ABŞ-dan olan sabiq həmsədr Ceyms Uorlikin yola salınması ilə əlaqədar təşkil edilmiş şam yeməyinin Ermənistan xarici işlər naziri tərəfindən görüş kimi təqdim olunması absurdun ən son həddidir. Çox güman ki, Ermənistanın xarici işlər naziri bununla özünü konstruktiv göstərməyə çalışır. Amma özünüz nəticə çıxara bilərsiniz.

Arxiv üzrə axtarış