2017-08-31

: Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündəki çıxışı

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündəki çıxışı

31 Avqust 2017-ci il

Budapeşt, Macarıstan



Hörmətli Nazir Szijjártó,

Komissar Han,

Dəyərli Həmkarlar,

Xanımlar və cənablar,

Macarıstanın Vişeqrad Qrupuna sədrliyi dövründə Vişeqrad (V4) və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etdiyinə görə öz təşəkkürümüzü çatdırmaq istərdim. Bu ənənəvi format, xüsusilə noyabr ayında Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində gələcək əlaqələr üçün yollar və vasitələr düşünmək baxımından əlverişli imkanlar yaradılmasını təmin edir.

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və təşkilatın üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır. Eyni zamanda Vişeqrad Qrupu bizi eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırır.

Biz sürətli danışıqlar yolu ilə Aİ ilə strateji tərəfdaşlığa dair sazişin yekunlaşdırılması və bu saziş əsasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıyıq. Ötən ilin fevral ayında danışıqların rəsmən başlamasından etibarən biz saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar və konstruktiv dialoq aparmışıq.

Azərbaycan, həmçinin, Aİ ilə qarşılıqlı şəkildə razılaşdırılmış prioritetlər əsasında əlaqələrin qurulmasında maraqlıdır.

İqtisadi potensiala və hər bir ölkənin spesifik məqsədlərinə uyğunlaşdırılmış prioritetli əməkdaşlıq fərqlilik, çeviklik, fokuslaşmaq və daha böyük sahiblik prinsiplərinin həyata keçirilməsində daha səmərəli ola bilər. Aİ-Azərbaycan Tərəfdaşlıq prioritetləri bu məqsədləri konkret əməkdaşlıq sahələrinə çevirəcəkdir.

Birincisi bu gün Azərbaycan dəyəri 45-50 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin (CQD) – Avropa bazarlarına alternativ təbii qazın ixracına xidmət edən qitənin ən böyük infrastruktur və enerji layihəsinin reallaşmasında aparıcı dövlətdir. Bununla yanaşı, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan regionlararası enerji bağlantısının genişləndirilməsi və Mərkəzi Asiyanı Avropa enerji arxitekturasına daha yaxın edən potensial təşəbbüslərə açıqdır.

İkincisi, Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzvü olan və namizəd ölkələrdən müxtəlif səhmdarların cəlb olunduğu unikal iştirakçı çərçivə olan Cənub Qaz Dəhlizi digər birgə maraq kəsb edən sahələrdə, xüsusən nəqliyyat, Avropa və Asiya, o cümlədən Avropa – Cənub və Şimal – Cənubu birləşdirən yeni nəqliyyat-tranzit yollarının yaradılması üçün əlaqələri araşdırmaqla istifadə edilə bilər.

Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini təşviq etmək məqsədilə bir neçə əsas nəqliyyat layihəsinin icrasına cəlb olunub. Bu həftə Azərbaycan digər dörd ölkə ilə birlikdə Kabil şəhərində Lapis Lazuli Dəhlizi üzrə malların Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan yeni tranzit marşrutuna dair saziş imzaladı.

Çinlə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Tranzit Marşrutu kimi regional layihələr üçün Mərkəzi Asiya ölkələri də daxil olmaqla daha geniş iştirak düşünülməlidir. Bu eyni zamanda trans-Avropa şəbəkəsini daha da Şərqə genişləndirmək məqsədi daşıyan Aİ-nin uzlaşma proqramına uyğun olacaq.

İyul ayında Aİ və Azərbaycan Ümumi Aviasiya Sahəsi Sazişinə dair danışıqları bərpa edib və sənədin ümumi strukturu ilkin olaraq razılaşdırılıb.

Üçüncüsü, hərəkətlilik və insanlar arası təmasların təşviqi Aİ-Azərbaycan qarşılıqlı əlaqəsinin mühüm istiqamətidir. Biz inanırıq ki, readmissiya və vizaların sadələşdirilməsinə dair sazişinin uğurla həyata keçirilməsi Aİ və Azərbaycan arasında vizaların ləğvi üzrə dialoqun başlanması üçün zəmin yaratmalıdır.

Dördüncüsü, yenilənmiş Avropa Qonşuluq Siyasəti Avropa Qonşuluğunun bir çox hissələrində ən aktual problem kimi stabilliyi müəyyən edir. Həqiqi stabillik Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edərək uzun müddət davam edən hərbi münaqişələr həll edilmədən təsəvvür edilə bilməz.

Bu gün altı Şərq Tərəfdaşlığı ölkəsinin dördünün suverenliyi və ərazi bütövlüyü mövcud münaqişələr səbəbindən pozulmaqda davam edir. Beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılmaması, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsiri və seçilmiş tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur.

Artıq üçüncü onillikdir ki, Ermənistan Şərq Tərəfdaşlığı proqramının üzvü olaraq digər üzvün suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdə birini işğal altında saxlamaqda davam edir. Ermənistan Avropada, ümumilikdə dünyada qəbul olunmuş davranış qaydalarının tam ziddinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində bədnam etnik təmizləmə törədib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbi olaraq qalır və münaqişənin siyasi həllində əsas maneədir.

Hörmətli həmkarlar,

Noyabr ayında baş tutacaq Şərq Tərəfdaşlığı Sammiti əhəmiyyətli hadisədir və inanırıq ki, Sammitin Bəyannaməsinin mətni üzərində iş ən qısa zamanda başlamalıdır. Qarşıdan gələn Brüssel Sammiti Bəyannaməsindən münaqişələrin həllində vahid və əlaqəli yanaşma sərgiləməsini, o cümlədən Şərq Tərəfdaşlığı məqsədlərinin tam miqyaslı həyata keçirilməsi üçün mövcud münaqişələrin neqativ təsirlərinin əks etdirməsini gözləyirik.

Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında təsbit olunmuş əsas prinsiplərə, xüsusən də suverenlik, ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin toxunulmazlığına bütün iştirakçı dövlətlər tərəfindən eyni dərəcədə hörmət olunması mütləq zərurətdir. Yalnız Avropa təhlükəsizlik düzəninin əsas elementləri kimi müəyyən edilmiş prinsiplər üzrə öhdəliklərin yerinə yetirilməsi Aİ-nin etibarlılığını və qarşıdakı illərdə nüfuzunu müəyyənləşdirəcək.

Sağ olun!

Arxiv üzrə axtarış