28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi Hindistanda da qeyd olunub
Azərbaycanın Hindistandakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Dehlidə rəsmi qəbul təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Hindistanın Xarici İşlər nazirinin müavini xanım Vicay Thakur Sinqh, digər dövlət və hökumət rəsmiləri, diplomatik korpusun, ictimaiyyətin, aparıcı KİV-lərin nümayəndələri, iş adamları iştirak ediblər.
Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev qeyd edib ki, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə yanaşı, görkəmli şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi, həmçinin Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100-cü ildönümü qeyd olunur.
Səfir XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda sabitlik, tərəqqi və inkişaf təmin olunub. Diplomat görkəmli dövlət xadiminin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb.
Azərbaycan-Hindistan münasibətlərindən danışan səfir Ə.Şıxəliyev qarşılıqlı yüksək səviyyəli səfərlərin, o cümlədən 2018-ci ilin aprelində Hindistanın Xarici İşlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd edib. Bildirib ki, hazırda iki ölkə arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir. Ölkəmizdə fəaliyyət göstərən 200-dən çox Hindistan şirkəti Azərbaycan iqtisadiyyatına 1,2 milyard dollar həcmində sərmayə yatırıblar. Demək olar ki, hər ay Hindistan kino şirkətləri Azərbaycanda filmlər çəkirlər. Hind turistlərin Azərbaycana səfərlərinin sayı əhəmiyyətli dərəcədə surətlə artır. Yaxın gələcəkdə Bakı və Dehli arasında açılması nəzərdə tutulan birbaşa hava əlaqəsi nəticəsində qarşılıqlı səfərlərin sayı daha da çoxalacaq.
Tədbirdə Azərbaycan musiqilərinin sədaları altında ölkəmizin mədəniyyəti, tarixi, turizm məkanları və milli mətbəximizi əks etdirən filmlər nümayiş etdirilib. Bundan başqa, Azərbaycanın milli təamları təqdim olunub, qonaqlara Azərbaycan haqqında nəşrlər, o cümlədən "İrs" jurnalının Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş buraxılışı paylanılıb.