2019-06-10

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib

Azərbaycanın Hindistanda, eyni zamanda, Nepal Federativ Demokratik Respublikasında akkreditə olunmuş səfiri Əşrəf Şıxəliyev etimadnaməsini bu ölkənin Prezidenti Bidhya Devi Bhandariyə təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində diplomat Nepalın Baş Naziri Khadqa Prasad Şarma Oli və Xarici İşlər naziri Pradip Kumar Qyavali ilə görüşüb.

Görüşlər zamanı qarşılıqlı əsasda yüksəksəviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb, bu xüsusda Azərbaycanın sədrliyi ilə oktyabrda Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə toplantısında Nepal nümayəndə heyətinin Baş Nazir səviyyəsində təmsil olunmasının önəmi qeyd edilib.

Səfir Azərbaycanda yaradılmış "ASAN xidmət" mərkəzlərində vətəndaşlara tez və şəffaf şəkildə xidmətlərin göstərilməsi, eləcə də "ABAD" mərkəzlərinin fəaliyyəti barədə məlumat verib, ölkəmizin bu təcrübəsini Nepalla bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Parlamentlərarası əməkdaşlığın vacibliyinə diqqət çəkən səfir bu sahədə geniş imkanların olduğunu bildirib.

Ə.Şıxəliyev Azərbaycanın regionda nəqliyyat-tranzit qovşağı kimi mühüm yer tutduğunu vurğulayaraq, Avropa ölkələrinə göndərilən Nepal məhsullarının ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə daha tez və sərfəli qiymətlərlə nəql edilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Ötən il Nepaldan Azərbaycana bir neçə min turistin səfər etdiyini bildirən səfir gələcəkdə ölkələrimiz arasında qarşılıqlı səfərlərin daha da artacağına əminliyini ifadə edib. Bununla yanaşı, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Səfir Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) Qoşulmama Hərəkatının üzv dövlətləri üçün təqaüdlər ayrıldığını qeyd edərək, həmin təqaüdlərin Nepal vətəndaşlarının da ölkəmizdə təhsil alması üçün imkan yaratdığını deyib.

Nepal rəsmiləri ölkələrinin Azərbaycan ilə qeyd olunan bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildiriblər.

Qarşı tərəf Qoşulmama Hərəkatının fəaliyyətinin vacibliyini qeyd edərək, Nepalın Bakıda keçiriləcək Zirvə toplantısında yüksək səviyyədə iştirak etməyə hazır olduğunu bildirib. Bununla yanaşı, Nepalın "ASAN xidmət" və "ABAD" təcrübələrinə diqqət göstərdiyi və bu təcrübənin daha ətraflı öyrəniləcəyi bildirilib.

Nepal Ticarət Palatasının və ona üzv olan aparıcı şirkətlərin rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli ticari və investisiya imkanları barəsində fikir mübadiləsi aparılıb.

Səfir, həmçinin Nepalın aparıcı siyasi verilişi sayılan "AİDİA Dialogue"da qonaq qismində iştirak edərək Nepal-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri barədə danışıb.

Arxiv üzrə axtarış