2019-10-26

No:351/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısı çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid ilə görüşdü.

Görüş zamanı, nazirlər Azərbaycan və Maldiv Respublikası arasında siyasi, iqtisadi, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etdilər.

Nazir Abdulla Şahid Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi.
Nazir Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət edən nazir Abdulla Şahid, qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcəyini bildirdi.

Bakının bölgədə ən canlı şəhərlərindən biri olduğunu qeyd edən nazir Abdulla Şahid iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini vurğuladı. Nazir Elmar Məmmədyarov, öz növbəsində turizmi təşviq etmək məqsədilə iki ölkə arasında viza rejiminin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsini təklif etdi.

Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və beynəlxalq arenada əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Maldiv Respublikasının xarici işlər naziri cənab Abdulla Şahid Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.

Arxiv üzrə axtarış