No:339/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər naziri Tilak Marapana ilə görüşüb
Görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə etdilər. Azərbaycanla Şri-Lanka arasında həm siyasi, həm də ticari-iqtisadi sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlərin mövcudluğu vurğulandı. Bu mənada iki ölkə arasında mülki aviasiya sahəsində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi qeyd edildi.
Tərəflər XİN-lərarası məsləhətləşmələr mexanizmindən faydalanması, habelə Hökumətlərarası Komissiyalar çərçivəsində səylərin əlaqələndirilməsini ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verə biləcəyini bildirdilər.
BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda həmrəyliyin göstərilməsinin vacibliyi qeyd edildi. Bu mənada, Nazir Elmar Məmmədyarov Azərbaycanın QH-də sədrliyi dövründə Təşkilatın müasir təhdidlərə cavab verilməsi, BMT və digər təşkilatlarla təmasların möhkəmləndirilməsi istiqamətində səylərin əsirgəməyəcəyini bildirdi.
Şri-Lanka XİN-in başçısı T.Marapana Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.