2020-09-15

No:249/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlaması

Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir

Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnişin avtobusları, qatarları və Bakı metrosunun partlayışı ilə müşahidə olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonian kimilərinin nümunəsində özünü göstərir.

1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub.

Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın Xarici İşlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyatdan başqa bir şey deyildir.

Təcavüzkar Ermənistanın saxta və cəfəng iddialarını və bəyanatlarını qətiyyətlə rədd edir, bu ölkənin BMT TŞ-nin 1993-cü il tarixli qətnamələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməsini tələb edirik.

Arxiv üzrə axtarış