Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilmişdir
23 fevral 2022-ci il tarixində ADA Universitetində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans həyata keçirilib. Tədbirdə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri qrupunun üzvləri, habelə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edib.
Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən təcavüz siyasətinin ən ağır hadisələrindən olan Xocalı soyqırımı barədə danışıb, bu tarixin Azərbaycan gəncləri tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib.
Daha sonra Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərdən danışıb, Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulduğunu qeyd edib. Nazir müavini Xocalı soyqırımının beynəlxalq hüquq kontekstində təhlilini aparıb. E.Məmmədov 44 günlük müharibədən sonra Azərbaycan Respublikası Prezidentinin Ermənistan silahlı qüvvələri tərəfindən soydaşlarımıza qarşı hər iki müharibədə törədilən hərbi cinayətlərin cəzasız qalmaması və mütləq şəkildə hüquqi müstəvidə qiymətin verilməsinin vacibliyini hər zaman öz çıxışlarında vurğuladığını qeyd edib. Nazir müavini, hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatının, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini bildirib.
Daha sonra Xocalı şahidi Xəzəngül Əmirova çıxış edərək əsirlikdə yaşadıqlarını danışıb. O, Xocalı faciəsində atasını, anasını və 5 yaşlı bacısını itirməsini, bunun onun bugünədək həyatında buraxdığı izdən bəhs edib.
Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" filmi nümayiş etdirilib.