2024-10-28

Nyu-Dehlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş veloyürüş keçirilib

Oktyabrın 27-də Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Hindistan Velosipedçilər Konfederasiyası ilə birgə paytaxt Nyu Dehli şəhərində 2024 – Yaşıl dünya naminə həmrəylik ili və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) həsr olunmuş velosiped yürüşü təşkil edib.

Səhər saatlarında Səfirliyin önündən başlayan veloyürüş paytaxt Nyu Dehlinin mərkəzindəki tarixi “India Gate” abidəsinin önünə qədər davam edib.

Müxtəlif yaş kateqoriyalarından olan 100-dən artıq həvəskar velosipedçinin qatıldığı yürüşün məqsədi sağlam və dayanıqlı həyat tərzinin təşviqi, iqlim dəyişikliyinin mənfi təsirləri barədə məlumatlılığın artırılması, Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə diqqətin cəlb edilməsi və geniş ictimai dəstəyin əldə edilməsi idi.

Veloyürüşün sonunda iştirakçılar qarşısında çıxış edən səfir Elçin Hüseynli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə elan edilmiş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aparılan fəaliyyətlər və COP29-da Sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər barədə məlumat verib. Hindistan Velosipedçilər Konfederasiyasının Azərbaycanın COP Atəşkəs çağırışına qoşulan ilk təşkilatlardan biri olduğu diqqətə çatdırıb.

Konfederasiya prezidenti Ratan Rajnan Hindistan cəmiyyətində iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılması, salam həyat tərzi və daha təmiz ətraf mühitin təşviqi məqsədilə veloyürüşü təşkil etdiyinə görə Səfirliyə təşəkkür edib. O, rəhbərlik etdiyi təşkilatın və onun üzvlərinin Azərbaycanın COP29 Sədrliyinin fəaliyyətini dəstəklədiyini bildirib.

Tədbir zamanı Səfirliyin həyətində və “India Gate” abidəsinin yanında Yaşıl dünya naminə həmrəylik ili və COP29-a həsr olunmuş fotostendlər yerləşdirilib, iştirakçılara müvafiq loqoların əks olunduğu xüsusi hazırlanmış köynəklər təqdim edilib.

Arxiv üzrə axtarış